İRAQDA ÖLDÜRÜLƏN RUSİYA DİPLOMATLARI TƏHLÜKƏSİZLİK TƏLİMATINI POZMUŞDULAR
Qəzet Rusiya diplomatik nümayəndəliyinin əməkdaşlarından birinə istinadla yazır ki, İraqdakı diplomatlara xüsusi lüzum olmadan səfirliyin ərazisindən kənara çıxmaq qadağan edilmişdir. Lazım olan nə varsa, hamısı səfirliyə gətirilir.
Lakin həmin gün Rusiya səfirliyinin beş əməkdaşı təlimata məhəl qoymayaraq, bazarlıq etməyə getmişdir. Onlarla birlikdə olan mühafizəçi Vitali Titov öldürülmüş, dörd nəfər – Fyodor Zaytsev, Rinat Aqliulin, Anatoli Smirnov və Oleq Fedoseyev isə oğurlanmışdır.
Xatırladaq ki, bu basqına görə məsuliyyəti “Əl-Qaidə” ilə əlaqəsi olan “Mücahidlər Şurası” qruplaşması öz üzərinə götürmüşdür. Terrorçular Rusiya qoşunlarının Çeçenistandan çıxarılmasını və öz “qardaş və bacılarının” Rusiya həbsxanalarından azadlığa buraxılmasını tələb edirdilər. İyunun 21-də ultimatumun müddəti bitdikdən sonra yaraqlılar bildirmişlər ki, rusiyalıları öldürdülər. İyunun 25-də İslam saytlarından birində onların öldürülməsinin videoyazısı göstərilmişdir.