İRƏVAN MAHALI ULUXANLI MƏKTƏBİNİN 125 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
XX əsrin əvvəllərində regionda baş verən mürəkkəb geosiyasi proseslər nəticəsində İrəvan şəhərinin və digər tarixi Azərbaycan torpaqlarının Ermənistan dövləti tərkibinə daxil olunmasına baxmayaraq, Uluxanlı məktəbi Azərbaycan dili və mədəniyyətinin, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində öz işini davam etdirmişdir.
Yetirmələri bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatında yaxından iştirak edən və müstəqil Azərbaycanın çiçəklənməsi naminə töhfələr verən Uluxanlı məktəbi Azərbaycan təhsili tarixinə bir çox parlaq səhifələr yazmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlılara qarşı erməni yaraqlıları tərəfindən aparılan etnik təmizləmə siyasəti məktəbin fəaliyyətinə son qoymuşdur.
Azərbaycanlıların maariflənməsi sahəsində böyük rolunu nəzərə alaraq, İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2006-cı il.