SİYASƏT
İRVİN FESTİVALINDA SOYDAŞLARIMIZIN İŞTİRAKI MARAQLA QARŞILANMIŞDIR
![]() |
![]() |
Amerika-Azərbaycan Şurasından (AAŞ) bildirmişlər ki, Türkiyə, Sloveniya, İsrail və digər dövlətlərin diaspor təşkilatları təmsilçilərinin də qatıldıqları və hər il keçirilən tədbirdən məqsəd qonaqlara, Kaliforniya ştatının, onun Narıncı dairəsinin və İrvin şəhərinin zəngin icma mədəniyyəti barədə məlumat verməkdir.
AAŞ-ın nümayəndələri Cavid Hüseynov, Ülviyyə Nəsibova, Nərminə Məmmədova və Arzu Ağayeva festival çərçivəsində Azərbaycan guşəsi yaratmışlar. Burada Azərbaycanın qədim və zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiyası, həmçinin turizm imkanları barədə qonaqlara ətraflı məlumat verilmişdir.
Ülviyyə Nəsibovanın milli geyimdə ifa etdiyi Azərbaycan rəqsləri qonaqların və İrvin şəhər rəhbərliyinin böyük marağına səbəb olmuşdur. Tədbir iştirakçılarının bir neçəsi onunla birlikdə rəqs etmişlər.
AAŞ rəhbərliyi tədbirin təşkili və Azərbaycan diasporu nümayəndələrini dəvət etdiyi üçün İrvin şəhər rəhbərliyinə, eləcə də ölkəmizlə bağlı guşənin yaradılmasına göstərdiyi köməyə görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna minnətdarlığını bildirmişdir.