İsa Həbibbəyli: Akademik Ədilə Namazova Azərbaycan tibb elminin inkişafına öz möhürünü vurub
Bakı, 23 oktyabr, AZƏRTAC
Akademik Ədilə Namazova 94 illik ömrünü Azərbaycanda səhiyyənin, pediatriyanın və tibb elminin inkişafına həsr edib. Onun çoxillik elmi və həkimlik fəaliyyəti Azərbaycan tibb elminin inkişafında mühüm yer tutur.
AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik Ədilə Namazovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirində çıxışı zamanı deyib.
Akademik bildirib ki, Ədilə Namazovanın bütün həyatı səhiyyə və tibb elmi ilə bağlı olub. O, 1957-ci ildən həkimlik fəaliyyətinə başlayıb, sonralar xəstəxana rəhbəri kimi çalışıb. 1965-ci ildən 2020-ci ilədək Azərbaycan Dövlət Tibb Universitetində fəaliyyət göstərib. Beləliklə, alimin həyatının 55 ili ali tibb təhsili və elmi-pedaqoji fəaliyyətlə bağlı olub.
İsa Həbibbəyli vurğulayıb ki, Ədilə Namazova həm peşəkar həkim-pediatr, həm də pediatriya və kardiologiya sahələrində tanınmış alim kimi Azərbaycan səhiyyəsində özünəməxsus mövqeyə malik olub. Onun elmi fəaliyyəti yalnız ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da maraq doğurub.
Alimin tədqiqatlarında uşaqlarda revmatizm, ürək xəstəlikləri, ürək qüsurları, bu xəstəliklərin müalicəsi və aradan qaldırılması yolları mühüm yer tutub. O, uzun illər ərzində apardığı araşdırmalarla uşaqlarda ürək-damar xəstəliklərinin öyrənilməsinə, onların diaqnostikası və müalicəsi ilə bağlı elmi biliklərin genişlənməsinə töhfələr verib. Bu istiqamətlərdə namizədlik və doktorluq dissertasiyaları hazırlayıb.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Ədilə Namazova uşaq ürək cərrahiyyəsi sahəsində də tədqiqatlar aparıb. O, əməliyyat olunan uşaqların vəziyyətini uzun müddət müşahidə edib, müalicənin nəticələrini araşdırıb və əldə etdiyi məlumatları elmi baxımdan təhlil edib. Bu araşdırmalar pediatriya və uşaq kardiologiyasının müxtəlif problemlərinin öyrənilməsi baxımından əhəmiyyət daşıyıb.
Onun sözlərinə görə, Ədilə Namazovanın araşdırmaları uşaqlarda ürək-damar xəstəliklərinin xüsusiyyətlərinin öyrənilməsinə və bu sahədə elmi yanaşmaların inkişafına xidmət edib.
AMEA prezidenti qeyd edib ki, həkimlik və tədqiqatçılıq Ədilə Namazovanın fəaliyyətində bir-birini tamamlayan iki əsas istiqamət olub. Bəzən görkəmli tədqiqatçı praktik həkim kimi, yaxud peşəkar həkim alim kimi eyni səviyyədə tanınmaya bilər. Ədilə Namazovanın fərqləndirici xüsusiyyəti isə bu iki istiqaməti öz fəaliyyətində birləşdirməsi idi. Ədilə Namazova yalnız xəstələrin müalicəsi ilə məşğul olmayıb, eyni zamanda, tibb elminin qarşısında duran problemlərin araşdırılmasına, elmi nəticələrin ümumiləşdirilməsinə və yeni biliklərin formalaşdırılmasına mühüm töhfələr verib.
İsa Həbibbəyli xatırladıb ki, Ədilə Namazova 20-dən çox kitabın və 300-dən artıq elmi məqalənin müəllifidir. Onun çoxşaxəli elmi yaradıcılığı Azərbaycan tibb elminin inkişafında mühüm iz qoyub. Alimin fəaliyyəti həkimlik təcrübəsi ilə elmi araşdırmaların vəhdətinin parlaq nümunəsi kimi dəyərləndirilə bilər.
AMEA prezidentinin sözlərinə görə, akademik Ədilə Namazovanın zəngin elmi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması onun Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına verdiyi töhfələrin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.