İSLAM DÜNYASI LİVAN FACİƏSİNƏ “İKİLİ STANDARTLAR” SİYASƏTİNDƏN HİDDƏTLƏNMİŞDİR
57 müsəlman ölkəsi təşkilatının başçısı İhsanoğlu iclasın nümayəndələri qarşısında çıxışında xəbərdarlıq etmişdir ki, “Yaxın Şərqdə sülh təşəbbüsünün daha bir uğursuzluğa uğraması təkcə bu regionda deyil, həm də bütün dünyada zorakılıq və terror yanğını törədə bilər. Qorxuram ki, islam kütlələrində yaranan qəzəb təcavüzkarlara və onların havadarlarına qarşı açıq nifrətə çevriləcəkdir”.
Onun sözlərinə görə, “İsrail təcavüzkarları insan mənəviyyatının və beynəlxalq hüququn bütün normalarını pozmuşlar. Xalqlarımız bizdən ən qəti hərəkətlər gözləyirlər”.
Bununla yanaşı, İhsanoğlu və İKT fövqəladə görüşünün digər iştirakçıları çıxışlarında Birləşmiş Millətlər Təşkilatını Livana və Fələstinə müdaxiləyə görə İsraili pisləməkdən ötrü özündə cəsarət tapmamaqda təqsirləndirmişlər.
Pakistanın xarici işlər naziri Xurşud Mahmud Qəsuri demişdir: “İsrailin təcavüzü bütün islam dünyasını qəzəbləndirmişdir”.
Malayziyanın inzibati paytaxtı Putracayyada keçirilən görüşdə qəbul olunmuş bəyannamədə iştirakçılar BMT Təhlükəsizlik Şurasından həddindən ziyadə hərbi qüvvə tətbiq etdiyinə görə İsraili pisləməyi və Livana çoxmillətli sabitləşdirici qüvvələr yeridilməsinə mandat verməyi tələb etmişlər. İKT beynəlxalq birliyin əməliyyatına öz sülhməramlı qüvvələrinin qatılmasında və döyüş əməliyyatlarından əziyyət çəkən dinc əhaliyə humanitar yardım çatdırılmasında da israrlıdır.
Xatırladaq ki, İKT-nin növbədənkənar iclasında Azərbaycanın Baş naziri Artur Rasizadə də iştirak edir.