İslam ölkələrində kibertəhlükəsizlik məsələləri müzakirə olunub
Bakı, 15 dekabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) elm və texnologiya sektoru Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən süni intellekt və internet üzrə Beynəlxalq konfrans çərçivəsində “Süni intellekt və elm diplomatiyası əsrində kibertəhlükəsizlik və onun nəticələri” mövzusunda iki simpozium təşkil edib.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, birinci simpoziumun iştirakçıları rəqəmsal tətbiqlər üzrə artan qlobal asılılıq şəraitində kibertəhlükəsizliyin gücləndirilməsi üçün çağırışlar, strategiyalar və ən yaxşı təcrübələrlə yanaşı, süni intellekt əsrində kibertəhlükəsizliyin rolunu və rəqəmsal infrastrukturun qorunması yollarını müzakirə ediblər.
İkinci simpoziumda elm diplomatiyası və onun nəticələri, eləcə də beynəlxalq əməkdaşlığın təşviqində, sülhün əldə olunmasında və müasir qlobal problemlərin kollektiv həllinin tapılmasında elmin roluna toxunulub.
Videokonfrans vasitəsilə hər iki tədbirə moderatorluq edən ICESCO-nun elm və texnologiya sektorunun eksperti Adel Smeda müsəlman cəmiyyətlərinin təhlükəsizliyinə nail olmaq, səhiyyə, texnologiya və ətraf mühitin inkişaf etdirilməsinə töhfə vermək üçün elm sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O əlavə edib ki, elm, texnologiya və elmi tədqiqat sahələrində bir sıra fəaliyyətlər və təşəbbüslər vasitəsilə üzv dövlətlər arasında elm diplomatiyasının təşviq edilməsi müasir dövrdə ən aktual məsələdir.
Sonda ICESCO-ya üzv dövlətlərin müvafiq hökumət strukturları, beynəlxalq təşkilatlar və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.