İsmayıllı rayonunda tanışını bıçaqlayaraq qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 20-də saat 20 radələrində İsmayıllı rayon sakini 2002-ci il təvəllüdlü Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İsmayıllı Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumatda bildirilib ki, dərhal prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, digər zəruri prosessual hərəkətlər yerinə yetiriblər.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Fərid Musayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Səxavət Məsimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.