Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı, iş adamları üçün yaradılan əlverişli şərait İsmayıllıda özəl bölmənin inkişafına güclü təkan vermişdir. Rayon icra hakimiyyətindən
AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və Respublika Sahibkarlıq Konfederasiyasının rayonda açılmış şöbələri və Sahibkarlıq Şurası İsmayıllıda dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı istiqamətində xeyli iş görmüşdür. Ötən il 16 müəssisə özəlləşdirilmiş, sahibkarlara hərtərəfli kömək göstərilmişdir. İndi rayonda kənd təsərrüfatı məhsulları istehsalında qeyri-dövlət bölməsinin xüsusi çəkisi 100 faizə yaxınlaşmışdır. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 9 layihə üzrə 940 milyon manat (köhnə pulla) kredit ayrılmışdır. “Aqrokredit” Səhmdar Kredit Təşkilatının rayon nümayəndəliyi keçən il 59 hüquqi və fiziki şəxsə 1 milyard 72 milyon manat (köhnə pulla), “Kredaqro” Qeyri Bank kredit təşkilatının rayon nümayəndəliyi isə 81 nəfərə 325,6 min ABŞ dolları məbləğində kredit vermişdir.
Rayonda fəaliyyət göstərən “Quşçuluq” ASC-i, “Şəfa” MMC, “Şərab-1” SC-i, “Sandal” ayaqqabı fabriki və digər özəl müəssisə və təşkilatlar istehsal sahələrini getdikcə genişləndirirlər. Rayon sahibkarlarının istehsal etdikləri məhsullar Bakı, Gəncə, Sumqayıt, Şamaxı şəhərlərində keçirilən sərgilərdə yüksək qiymətləndirilmişdir. Bəzi məhsullar artıq xarici ölkələrə ixrac edilir.