İspaniya COVID-19-a qarşı tam vaksinasiya olunan turistləri qəbul etməyə başlayıb
Bakı, 7 iyun, AZƏRTAC
İspaniya bu gündən etibarən koronavirus əleyhinə tam vaksinasiyadan keçən turistlər üçün sərhədlərini açıb.
AZƏRTAC yerli RTVE teleradio kompaniyasına istinadla xəbər verir ki, Avropa Dərman Vasitələri Agentliyinin təsdiq etdiyi “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Janssen” peyvəndlərindən başqa, Çinin “Sinopharm” və “Sinovac-Coronavac” preparatları ilə vaksinasiya olunan turistlər də İspaniyaya səfər edə biləcək.
Səhiyyə və Daxili İşlər nazirlikləri tərəfindən hazırlanan və iyunun 5-də “Rəsmi Dövlət Bülleteni”ndə dərc olunan sənədə əsasən, İspaniyanı ziyarət etmək istəyən turistlər ölkəyə daxil olmazdan ən geci 14 gün əvvəl tam vaksinasiyadan keçdiyini təsdiqləyən arayış təqdim etməlidir. Bundan öncə isə xüsusi tətbiq vasitəsilə internet anketi doldurmalı və bu tətbiqin generasiya edəcəyi QR kodu həm səfər öncəsi, həm də pasport nəzarəti zamanı təqdim etməlidir.
İspaniyanın hakimiyyət orqanları ölkənin turistlər üçün tədricən açılması çərçivəsində səyahət gəmilərinin limanlara lövbər atmasına da icazə verib.
Eyni zamanda, Braziliya, Hindistan və Cənubi Afrika Respublikasının vətəndaşları həmin ölkələrdə mürəkkəb epidemioloji vəziyyətlə əlaqədar İspaniyaya səyahət edə bilməyəcəklər.