DÜNYA
İsrail əcnəbilərin ölkəyə girişinə qoyduğu qadağanın müddətini uzadıb
Bakı, 25 may, AZƏRTAC
İsrail COVID-19 pandemiyası səbəbindən xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qoyduğu qadağanın müddətini avqustun 1-dək uzadıb.
AZƏRTAC Ynet agentliyinə istinadla xəbər verir ki, bu barədə müvafiq bildiriş xarici aviasiya kompaniyalarının nümayəndələrinə göndərilib. Bildirişdə deyilir: “İsrail vətəndaşı olmayan və ya bu ölkədə daimi yaşamayan sərnişinlərin ölkəyə girişi, o cümlədən tranzit reysləri qadağan edilib. Qadağalar İsrailin əhali və miqrasiya məsələləri üzrə idarəsindən xüsusi icazə alan sərnişinlərə şamil edilmir”.
Xarici ölkə vətəndaşlarının İsrailə girişinə qoyulan qadağa mart ayının ortalarından qüvvəyə minib.
Son məlumata görə, İsraildə yeni koronavirusa yoluxanların sayı 22 min nəfəri ötüb, 308 nəfər isə bu xəstəlik səbəbindən həyatını itirib. Hazırda müalicəsi davam edən 5 min 870 xəstədən 49-nun vəziyyəti ağır qiymətləndirilir.