İSRAİL İORDAN ÇAYININ QƏRB SAHİLİNDƏN ÇIXMASINI DAVAM ETDİRƏ BİLƏR
Şaronun yaratdığı “Kadima” hərəkatının hazırladığı seçkiqabağı siyahıya daxil edilmiş Avi Dixterin sözlərinə görə, İsrail öz sərhədlərini 4 ildən sonra qəti müəyyən edə bilər. Özü də köçürülmüş sakinlər daha iri məskənlərdə yaşayacaq, mülki əhalinin qoyub getdiyi rayonlarda isə İsrail hərbçiləri qalacaqlar.
Bir qədər əvvəl Olmert işarə etmişdi ki, İsrail Şərqi Qüdsdən çıxmayacaq, habelə Maale-Adumim, Ariel və Quş-Etsion kimi yəhudi məskənlərini fələstinlilərə verməyəcəkdir. Dixter vurğulamışdır ki, İsrailə çox şeyi birtərəfli qaydada, fələstinli tərəfdaşı olmadan yerinə yetirmək lazım gələcəkdir. İsrail sərhədlərini özü müəyyənləşdirməlidir, həm də bəzi məskənləri daha kiçiklərinin hesabına böyütmək lazım olacaqdır.
Həmas Hərəkatı Dixterin bəyanatını tənqidlə qarşılamış və bildirmişdir ki, bu, İsrail siyasətinin Fələstin xalqına məhəl qoymamasının daha bir nümunəsidir. Fələstinlilər İordan çayının Qərb sahilini bütünlükdə nəzarətə almaq, Şərqi Qüdsü isə gələcək Fələstin dövlətinin paytaxtı elan etmək niyyətindədirlər.
ABŞ-ın dövlət katibi Kondoliza Rays fevralda bildirmişdir ki, İsrail öz sərhədlərini birtərəfli qaydada müəyyən etməməlidir. Bu məsələ İsrail və Fələstin nümayəndələri arasında danışıqlarda həll olunmalıdır.