İSRAİLDƏ NADİR CƏRRAHİ ƏMƏLİYYAT APARILMIŞDIR
Həkimlərin sözlərinə görə, belə temperaturda orqanizmin oksigenə tələbatı minimaldır, zədəni və cərrahi tikişlərin sayını azaltmaq mümkündür. Əməliyyatın 23-cü dəqiqəsində qızın ürəyinin işi dayandırılmış və onun bədəni oksigenlə süni ürək aparatı hesabına təmin edilmişdir. Bu zaman cərrahlar xərçəng şişini ehtiyatla kəsib götürməklə məşğul olmuşlar. Əməliyyat 8 saat çəkmişdir.
Fələstin Muxtariyyətindən olan Radid ürəyindəki bədxassəli şişdən əziyyət çəkirdi. Şiş qandaşıyan damarları və ürəyin sağ hissəsini bürümüşdü. Qız “Dana” xəstəxanasının hemoonkoloji şöbəsində müalicə keçirdi, lakin aqressiv terapiyaya baxmayaraq, şiş nəinki azalmır, hətta artmaqda davam edir və ürək kisəciyinin sağ hissəsinə yayılaraq, qızın həyatını bilavasitə təhlükəyə məruz qoyurdu. Ekspertlərin sözlərinə görə, bu, xəstəliyin inkişafının nadir hadisəsidir.
“Dana” xəstəxanası cərrahiyyə şöbəsinin müdiri professor İshak Vinoqrad demişdir ki, belə nadir əməliyyat dünyada cəmi bir neçə dəfə aparılmışdır.
Əməliyyatda iştirak etmiş 10 həkimin heç biri əvvəllər bu cür əməliyyat keçirməmişdir. Əməliyyatda yüksəkixtisaslı həkimlərin bir neçə briqadası - kardiocərrahlar, anestezioloqlar, reanimatoloqlar, cərrahlar və onkoloqlar iştirak etmişlər.
Hazırda Radidin vəziyyəti sabitdir və reanimasiya şöbəsində yatır. Ona xalası baxır, çünki valideynləri onun xəstəxanada qaldığı vaxtda İsraildə olmağa icazə ala bilməmişlər.