İsrailin analitik informasiya portalı:Bu gün Ermənistan Rusiyaya “təşəkkürünü” bildirir
Bakı, 25 iyun, AZƏRTAC
Bu yaxınlarda erməni saytlarının birində təsadüfən animasiya filmi ilə “Rusiyanın maraqları və Dağlıq Qarabağ münaqişəsi: animasiya videosu” sərlövhəli informasiyaya rast gəldim. Erməni müəlliflər yazırlar ki, “Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və uzun illərdir bəyan edir ki, Qarabağ münaqişəsinin həllində maraqlıdır. Eyni zamanda məlumdur ki, Moskva ATƏT-in Minsk qrupunun uzunmüddətli sülhün bərqərar edilməsində maraqlı olan digər həmsədr ölkələri hər hansı yolla danışıqlar prosesindən kənarlaşdırmağa çalışır. Videomaterialda bu bəyanatların nə dərəcədə həqiqəti əks etdirməsi və uzunmüddətli sülhün bərqərar edilməsinin Moskvaya nə dərəcədə sərfəli olması müzakirə edilir. Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Mila Abramoviç “Zamanın çağırışları” (http://isp-ngo.com/?p=3831) analitik informasiya portalında yerləşdirilən eksklüziv materialında bu barədə yazır.
Filmə baxan M.Abramoviçin fikrincə, ermənilər öz fəlakət və müsibətlərinin çoxunda, Qarabağ münaqişəsinin həllində maneələrin yaradılmasında Rusiyanı ittiham edir, bunu bir çox səbəblərlə, o cümlədən onunla izah edirlər ki, münaqişə vəziyyətində olan iki dövlətə silah satmaq, bu münaqişədən hər iki respublikaya təzyiq vasitəsi kimi istifadə etmək və onların cilovunu möhkəm saxlamaq Rusiyaya sərfəlidir. Mila Abramoviç yazır: “Bu informasiyaya diqqət yetirməmək və onun yanından keçmək mümkün deyil, çünki hamıya məlumdur ki, məhz çar Rusiyası sayəsində Ermənistanın öz dövləti var. 2016-cı ilin aprel müharibəsi günlərində sülh yaratmaq üçün uğurla hərbi əməliyyatlar aparan və Dağlıq Qarabağı separatçılardan tamamilə təmizləməyə, öz torpaqlarını azad etməyə hazır olan Azərbaycana məhz Rusiya mane olmuşdu. Nəhayət, elə bu günlərdə Sankt-Peterburqda həmin münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda vasitəçiliyi də məhz Rusiya öz üzərinə götürüb. Bəs bütün bunlardan sonra ermənilər öz fəlakətlərində Rusiyanı necə ittiham edə bilərlər?”.
Məqalə müəllifinin fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi erməni millətçilərinin ərazilərini genişləndirmək məqsədi ilə qonşu Azərbaycanın torpaqlarını işğal edən Ermənistan tərəfindən yaradılıb. M.Abramoviç vurğulayır: “Mənbələrə görə, Ermənistan Azərbaycan torpaqlarının ərazi baxımından ermənilərə güzəştə gedilməsi sayəsində çar Rusiyası tərəfindən yaradılan dövlətdir və hətta Ermənistanın paytaxtı Yerevan (qədim İrəvan) Azərbaycan xanlıqlarından birinin - İrəvan xanlığının qədim paytaxtıdır. Ermənistanın indiki ərazisi əsas etibarilə Azərbaycanın keçmiş İrəvan xanlığının və digər Azərbaycan torpaqlarının ərazisindən ibarətdir. Ermənilər kimdir? Cənubi Qafqaza necə gəliblər? Bu mövzu ayrıca araşdırma tələb edir, amma düşünürəm ki, tarixi bir qədər xatırlamağa ehtiyac var. Azərbaycanda xristian xalqların, o cümlədən ermənilərin yerləşdirilməsi siyasəti I Pyotr dövrünə gedib çıxır. Hamıya məlumdur ki, birinci (1804-1813-cü illər) və ikinci (1826-1828-ci illər) Rus-İran müharibələrinin yekunlarına görə, Azərbaycan iki hissəyə parçalanıb: Şimali və Cənubi Azərbaycana. Cənubi Azərbaycan İranın, Şimali Azərbaycan isə Rusiyanın tərkibinə daxil olub. Zəbt edilən torpaqlarda möhkəmlənmək üçün çar Rusiyası Azərbaycan torpaqlarında çoxlu sayda müxtəlif xristian xalqları yerləşdirməyi qərara alıb. Azərbaycan torpaqlarına köçürülən müxtəlif xalqlar arasında ermənilər də olub”.
İsrailli ekspertin fikrincə, əsərləri ermənilərin Cənubi Qafqaz köçürülməsi faktını təsdiq edən müəlliflər arasında İ.Petruşevskinin adı xüsusi vurğulanmalıdır. O, bir çox başqa məsələlərlə bərabər, həm də erməniləri tarixi saxtalaşdırmaqda ifşa edib. İ.Petruşevski yazırdı: “...Qarabağ heç vaxt erməni mədəniyyəti mərkəzlərinə aid olmayıb... Qarabağ kəndlərinin xeyli hissəsi köçkünlər, İranın Qaradağ bölgəsindən, Türkiyə Ermənistanından gələn köçkünlərlə məskunlaşdırılıb. “Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı aktlar” da ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini təsdiq edir. Aktın 618-ci bəndi belə adlanır - “İran ermənilərinin Azərbaycan vilayətlərinə köçürülməsi haqqında sənəd”.
Məqalə müəllifi yazır ki, ermənilər XIX əsrin birinci yarısında bu yerlərə - onlardan bir qədər əvvəl məskunlaşan dindaşlarının yanına tamamilə köçməyi yalnız Cənubi Qafqazın Rusiyaya birləşdirilməsindən sonra qərara alıblar. M.Abramoviç yazır: ”Başqa sözlə desək, xristian ermənilər xristian Rusiya dövləti Cənubi Qafqazı zəbt etdikdən sonra bu regiona gəlməyə başlayıblar. Onlar bu yerlərə xristian Rusiyası bayrağının müdafiəsi altında köçüblər. Həcər Verdiyeva və Rauf Hüseynzadə “Ermənilərin “nəsil şəcərəsi” və onların Balkanlardan Qafqaza miqrasiyası” əsərində çox düzgün qeyd ediblər ki, “Qafqaz Ermənistanı”, yaxud “üçüncü vətən” süni şəkildə yaradılıb. O, Azərbaycanın tarixi torpaqlarında peyda olub. Bu yerlər Çuxursəəd bəylərbəyliyinin ərazisidir. XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəlində burada Azərbaycanın İrəvan xanlığı mövcud olub”.
Beləliklə, ermənilər özgə torpağında çar Rusiyasının köməyi və dəstəyi ilə ildən-ilə, tədricən Azərbaycan torpaqlarından parça-parça oğurlayaraq öz dövlətini yaradıblar. İsrailli ekspert yazır: ”Erməni keşişlər ibadət və moizə oxumaqdan çox erməni xalqına türklərin və azərbaycanlıların onların düşməni olmasını təlqin etməklə məşğul olublar. Onlar təlqin ediblər ki, ermənilər ən qədim və böyük xalqdır, vaxtilə “Ermənistan dənizdən-dənizə uzanan böyük dövlət olub” və bu “dövləti” bərpa etmək lazımdır”.
Müəllifin fikrincə, Ermənistan təkcə Azərbaycanın deyil, demək olar, bütün qonşu dövlətlərin ərazilərinə iddia edir. M.Abramoviç yazır: “Ermənilər Türkiyədən onun şərq hissəsini, Gürcüstandan Cavaxetiya və Axalkalakini qoparmaq istəyirlər. Onlar bununla kifayətlənməyəcəklər. Bu bəla Rusiyadan da yan keçməyəcək. Rusiyanın planlı şəkildə ermənilərlə məskunlaşan müəyyən əraziləri, o cümlədən Stavropol və Krasnodar diyarları, habelə Rostov vilayəti və Rusiyanın bütün kurort vilayətləri nə vaxtsa onların iddiasının obyekti ola bilər. Yerli rus əhalinin ildən-ilə azalması nəzərə alınsa, gec partlayan bu mina nə vaxtsa işə düşəcək”.
Təəssüf ki, erməni millətçiləri öz məqsədlərinə çatmaq üçün bütün yolverilən və yolverilməz vasitələrdən istifadə edirlər. Beləliklə, ermənilərin öz fəlakət və müsibətlərini Rusiyanın üzərinə yıxmaq üçün sosial şəbəkələrdə və internetdə yaydıqları bu animasiya filminə qayıdaq.
M.Abramoviç fikrini belə yekunlaşdırır: “Cənubi Qafqazda süni yaradılan Ermənistan bu gün Rusiyanı ittiham edir ki, o, Qafqazda münaqişəyə göz yumur və sülhə gəlməyə imkan vermir. Çox düzgün deyilib ki, həyatda hər şey bumeranq kimi geri qayıdır. Bu gün Ermənistan bir neçə əsr ərzində onun üçün etdiyi bütün yaxşılıqlara görə Rusiyaya “təşəkkürünü” bildirir və bu da son dayağı Rusiya olan xain ermənilərin “təşəkkürünün” yalnız başlanğıcıdır. Belə “təşəkkürlərdən” sonra Rusiya çətin ki, onları bundan sonra da dəstəkləsin”.