İSTANBUL FORUMU ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Fevralın 12-də İstanbulun Çırağan sarayının konfrans salonunda İslam Konfransı Təşkilatının və Avropa Birliyinin üzvü olan ölkələrin birgə forumu öz işinə başlamışdır. Türkiyənin təşəbbüsü ilə təşkil edilən və “Mədəniyyətlərarası dialoq” adı altında keçirilən forum iki gün davam edəcəkdir. Bu mötəbər tədbirə 71 ölkənin nümayəndələri, o cümlədən 44 xarici işlər naziri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, dünyada tanınmış alimlər gəlmişlər. Forumda çıxış edən natiqlər ötən il sentyabrın 11-də ABŞ-da baş vermiş məlum terror aktlarından sonra nəzərə çarpan dini qütbləşmənin təhlükəli və xoşagəlməz hal olduğunu, terroristlərin dininin, millətinin, ölkəsinin olmadığını bildirmişlər.
Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev forumda çıxış etmişdir. Müxtəlif dinlərə, mədəni irsə, millətlərə mənsub olan insanlar arasında dialoqun əhəmiyyətini nəzərə çarpdıran nazir bu görüşün vacibliyini vurğulamışdır.
Forum iştirakçılarının diqqətini Ermənistanın işğalçı siyasətinə cəlb edən Vilayət Quliyev bu münaqişənin ədalətli həlli üçün beynəlxalq təşkilatları daha fəal olmağa çağırmışdır.
Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev forum çərçivəsində Avropa Şurasının baş katibi Valter Şvimmer, İslam Konfransı Təşkilatının baş katibi Əbdülvahid Bilqəziz, Ərəb Dövlətləri Cəmiyyətinin baş katibi Əmr Musa, Avropa Birliyinin xarici siyasət üzrə baş nümayəndəsi Xavyer Solana ilə təkbətək görüşlər keçirmişdir.
Görüşlər zamanı bu nüfuzlu beynəlxalq təşkilatlar ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tərəfləri maraqlandıran bir sıra beynəlxalq və regional məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.
Beynəlxalq Forum işinə davam edir.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara