QAN YADDAŞI
İstanbulda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir
İstanbul, 19 yanvar (AZƏRTAC). Azərbaycanın İstanbuldakı baş konsulluğunda 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə sərgi və konfrans təşkil olunmuşdur.
Millət vəkilləri, İstanbuldakı diaspor təşkilatları, iş adamları və bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Qanlı Yanvara həsr olunmuş fotosərginin açılışı olmuşdur. Burada AZƏRTAC-ın fotomüxbirlərinin və digər tanınmış fotoqrafçıların həmin hadisələr zamanı çəkdikləri fotoşəkillər yer almışdır.
Sərginin açılışından sonra keçirilən konfransda çıxış edən Milli Məclisin deputatı Hadi Rəcəbli 23 il öncə Sovet ordusunun Bakıda törətdiyi qətliam, Ermənistanın Azərbaycana qarşı təcavüzü və xalqımızın azadlıq mübarizəsindən bəhs etdi. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu dəhşətli hadisədən dərhal sonra Moskvadakı Daimi Nümayəndəliyimizdə bəyanatla çıxış edərək qətliamı qətiyyətlə pislədiyini vurğulamışdır.
Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, İstanbul Azərbaycan-Türkiyə Dərnəyinin sədri Səfər Karakoyunlu, Azərbaycan İstanbul Kültür Dərnəyinin sədri Hikmet Erp, Türk-Azərbaycan Dostluq, Kültür və Dayanışma Dərnəyinin sədri Salih Bayraktar çıxış edərək, 20 Yanvar faciəsi və xalqımızın başına gətirilən müsibətlər, qətliamlardan ətraflı bəhs etmişlər.
Konfransın sonunda “Azadlığa gedən yol” filmi nümayiş etdirilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul