AZƏRTAC-ın müxbiri xəbər verir ki, İstanbulda “Azərbaycan dünyası” jurnalının ilk nömrəsi çapdan çıxmışdır. Jurnal türk və ingilis dillərində nəşr olunur. “Unudulmaz lider Heydər Əliyev” sərlövhəli məqalədə ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin zəngin həyatı və xalqının rifahı naminə gördüyü əzəmətli işlər barədə məlumat verilir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Heydər Əliyev siyasətinin alternativi yoxdur” sərlövhəli redaksiya məqaləsində isə müstəqilliyimizin bərpasından sonra Azərbaycanın qarşılaşdığı siyasi və iqtisadi problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, vətəndaş müharibəsi təhlükəsi və bu çətin tarixi mərhələdə ölkəni böhrandan çıxaran əbədi liderin dövlətçilik təcrübəsindən, siyasi istedadından və doğma xalqına bağlılığından ətraflı söhbət açılır. Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Yaqubov ilk nömrəyə giriş sözü yazmışdır.
Jurnal Azərbaycan-Türkiyə Mədəniyyət və Həmrəylik Cəmiyyəti tərəfindən nəşr olunur. Cəmiyyətin sədri Mübariz Mənsimovun məqaləsində qurumun fəaliyyəti haqqında məlumat verilir. Jurnalda bir sıra aktual siyasət, iqtisadiyyat, elm, mədəniyyət və idman məsələlərinə də toxunulur, Azərbaycan ilə Türkiyə arasındakı təhsil əlaqələrinin müasir vəziyyəti dəyərləndirilir. Nəşrin redaktoru Ülviyyə Qasımovadır. Jurnalın ilk mərhələdə rüblük, daha sonra isə aylıq nəşr olunması nəzərdə tutulur.