İstanbulda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edilmiş tədbir keçirilib
İstanbul, 5 mart, Günel Karatepe, AZƏRTAC
Martın 5-də İstanbulda görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən İstanbul Universitetində təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Açılış mərasimində çıxış edənlər Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən, eləcə də istiqlal və azadlıq uğrunda mübarizəsindən danışıb, onun Azərbaycanın ictimai-fikir tarixində yeri və rolundan söz açıblar.
Bildirilib ki, XIX əsrin sonu XX yüzilliyin əvvəllərində Azərbaycan bir sıra görkəmli şəxsiyyətlər yetişdirib, bu insanların gələcək nəsillərə örnək olacaq mübarizə yolunun hər zaman yaddaşlarda yaşayacağını bildiriblər.
Mərasim panel iclasla davam edib.
Tədbirdə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, “Rəsulzadə ev muzeyi” ictimai qrupunun rəhbəri, professor Solmaz Rüstəmova, “VMF Holdinq”in başçısı Vahid Mustafayev, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram, Azərbaycan Tarix Ocağının rəhbəri Akif Aşırlı, Türkiyənin Yeditepe Universitetinin professoru İbrahim Yıldırım, tədqiqatçı-yazıçı Dilqəm Əhməd, siyasi elmlər üzrə mütəxəssis Nicat İsmayılbəyli, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və digər qurumların nümayəndələri iştirak ediblər.
Vahid Mustafayev Məmmədəmin Rəsulzadənin ev muzeyini özündə əks etdirən saytı ictimaiyyətə təqdim edib.
Tədbir TADEF, İstanbul Universiteti, bu ali təhsil müəssisəsinin ədəbiyyat fakültəsi və “Rəsulzadə ev muzeyi” ictimai qrupunun birgə təşkilatçılığı ilə keçirilib.