İSTEDAD SÜLHƏ XİDMƏT ETMƏLİDİR
İsmayıl agentliyə öz sevincini bizimlə, bizim vasitəmizlə isə Azərbaycan incəsənətinin bütün pərəstişkarları ilə bölüşmək üçün gəlmişdi: səbəbi də təxminən bir neçə gün əvvəl xoş xəbər alması idi. Kanadanın Niaqara şəhərində keçiriləcək beynəlxalq kamera musiqisi festivalının bədii direktoru Atis Bankas soydaşımıza demişdir ki, iyulun 24-də festivalın açılışı münasibətilə təşkil olunacaq qala-konsertdə Motsartın və Şostakoviçin məşhur əsərləri ilə yanaşı, İsmayıl Hacıyevin Motsartın doğumunun 250 illiyinə həsr etdiyi “Klassik üslubda konsertino”su da səsləndiriləcək.
Həmyerlimizin sevincinə şərik çıxaraq, onun yaradıcılığına yüksək qiymət verilməsindən qürur hissi keçirərək, daha bir məsələ barədə danışmaq istərdik.
Xaricdə yaşayan İsmayıl Hacıyev yaradıcılıqlıa məşğul olmaqla yanaşı, doğma Azərbaycanın mədəniyyət və musiqisini fəal təbliğ edir, konsertlər təşkil edir, bəstəkarlarımızın simfonik əsərləri ifa olunarkən dirijor pultu arxasında dayanır. O, Kanadanın və ümumiyyətlə, bütün Amerikanın adlı-sanlı musiqiçiləri ilə sıx əlaqə saxlayır, onları Qara Qarayevin, Fikrət Əmirovun və digər klassiklərimizin əsərləri ilə tanış edir. Keçən il İsmayıl qardaşı, Bakıda fəaliyyət göstərən musiqi cəmiyyətinin təsisçilərindən biri və baş direktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Mikayılla birlikdə Kanadada Universal Mədəni Dəyərlərin Beynəlmiləl Mərkəzini yaratmışdır.
İndi isə Hacıyev qardaşları hələ iki il əvvəl hazırladıqları bir layihəni – “Şərq və Qərb musiqisi sülh uğrunda, təcavüz və terrora qarşı” devizi ilə beynəlxalq mədəni aksiyanı həyata keçirmək astanasındadırlar.
Bəzi bədxah qüvvələrin Şərqlə Qərb arasında, islamla xristianlıq arasında süni surətdə qarşıdurma yaratdığı bir dövrdə belə bir tədbir, şübhəsiz, olduqca aktual və faydalıdır. Möhtəşəm konsert isə Cövdət Hacıyevin “Onu zaman seçdi” adlı Səkkizinci simfoniyasının ifası ilə başlanacaqdır. Əsər zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, təcavüzə və terrorizmə qarşı həmişə barışmaz mövqe tutmuş, öz səylərini ümumi sülhün möhkəmlənməsinə yönəltmiş insana – Heydər Əliyevə həsr edilmişdir. Səkkizinci simfoniya öz humanist ideyasına görə dünyaşöhrətli musiqiçilər, o cümlədən adlı-sanlı dirijor Zubin Meta tərəfindən yüksək qiymətləndirilmişdir.
İsmayıl Hacıyev nəzərdə tutulan konsertin fəlsəfi məzmununu necə təsəvvür etdiyi barədə də danışmışdır. Onun fikrincə, bu məzmun dahi lider Heydər Əliyevin, ilk növbədə, mənəvi və geosiyasi amalını əks etdirir. Azərbaycan, onun coğrafi mövqeyi, tarixi, mədəniyyəti, nəhayət, musiqisi Qərbi və Şərqi, islamı və xristianlığı yaxınlaşdırır, onların arasında körpülər salır, elə bir Böyük mədəni və siyasi, mənəvi və iqtisadi sintez yaradır ki, Yer üzündə əbədi Sülh yalnız bu sintez sayəsində bərqərar ola bilər.
Bu Böyük sintezi Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəyov, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov və bir çox digər görkəmli bəstəkarlarımız öz bənzərsiz və misilsiz əsərləri ilə yaratmış və yaradırlar, istedadın yalnız Sülhə xidmət edəcəyi dövrü daha da yaxınlaşdırırlar.