İstedadlıları tanıtmaq məqsədilə reallaşan “7-dən 77-yə” layihəsi Tovuzda təqdim olunub
Tovuz, 28 avqust, Elcan Məmmədov, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstedadlıları tanıyaq və tanıdaq” İctimai Birliyinin (İB) regionlarda “7-dən 77-yə” layihəsi ilk olaraq Tovuzda reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən müsabiqədə Qazax, Ağstafa, Tovuz rayonlarından 7 yaşdan 77 yaşadək müxtəlif nominasiyalar üzrə əl işləri, rəsmlərdən ibarət sərgilər təqdim olunmaqla yanaşı, aşıq sənəti, nəfəs alətləri, bədii qiraət və musiqi ifaçılığı üzrə çıxışlar dinlənilib.
Qaliblər nəticələr elan olunduqdan sonra qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Tədbirdə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.