İstehlakçıların hüquqlarının pozulmasına görə cəzalar sərtləşdirilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkə əhalisinin sosial rifahı daha da yaxşılaşmışdır. İnsanların müxtəlif mallara və xidmətlərə tələbatı artmış, bu isə öz növbəsində istehlakçıların hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin daha da gücləndirilməsini zəruri etmişdir. Bu sahəni tənzimləyən bir sıra yeni normativ-hüquqi aktların qəbul olunması və mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu məqsədlərə xidmət edir.
Martın 16-dan qüvvəyə minmiş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 14 fevral tarixli qanunların əsas məqsədi istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsini təmin etməkdən ibarətdir.
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunla İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsində qismən dəyişiklik edilmiş, həmin Məcəllənin “İstehlakçı hüquqlarının pozulması” adlanan 228-ci maddəsinə yeni - 228.0.13-cü maddə və istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulması ilə bağlı məsuliyyəti müəyyən edən 231.1-ci maddə əlavə edilmişdir.
İnzibati Xətalar Məcəlləsinə yeni daxil edilmiş 228.0.13-cü maddəyə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati xəta tərkibi yaratmaqla istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilir və bu cür hərəkətlərə yol verən vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 5000 manatadək miqdarda inzibati qaydada cərimənin tətbiq edilməsi nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsi ilə (“İstehlakçıları aldatma”) nəinki malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılması inzibati xəta hesab edilir və həmin inzibati xətanı törədən fiziki şəxslərə 600 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 3000 manat miqdarında cərimə sanksiyası tətbiq edilir.
İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnun pozulmasına, yəni istehlakçıya satılan mal (iş, xidmət) barəsində qanunla müəyyən edilmiş zəruri məlumatların verilməməsinə görə təqsirli vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin isə 400 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 14 fevral tarixli Qanunla Cinayət Məcəlləsinin 200-cü maddəsinin sanksiyası kifayət qədər sərtləşdirilmişdir. Belə ki, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda (40 manatdan 500 manatadək) aldatma 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlərlə cəzalandırılır.
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və külli miqdarda (500 manatdan yuxarı) ziyan vurmaqla törədildikdə 5000 manatdan 7000 manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması tətbiq edilir.
Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda, bu hallara yol verən təsərrüfat subyekti 7000 manatdan 9000 manatadək məbləğdə cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4-cü maddəsinə əsasən, isə eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda təqsirli şəxslərə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.