İsveçdə Baş nazirin xanımının hökumət təyyarəsində ödənişsiz uçması qalmaqala səbəb olub
Stokholm, 20 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin Baş nazirinin xanımı Birgitta Kristersson Ed ötən il hökumət təyyarəsində iki dəfə səyahət edib və hökumətin başçısı onun uçuş xərclərini ödəməyib.
AZƏRTAC xəbər verir ki, bundan sonra İsveçin SVT telekanalının “Uppdrag Granskning” (“Missiyanın icmalı”) proqramının aparıcı jurnalistləri Birgitta Kristersson Edin səyahəti ilə bağlı məsələyə toxunublar və həmin vəsait Ulf Kristerssonun hesabından tutulub. Qaydalara görə, Baş nazirin xanımı dövlətə məxsus təyyarədə onu müşayiət edirsə və bu zaman heç bir sosial öhdəliyi yoxdursa, onda uçuşun qiyməti ödənilməlidir. Bu ödəniş normal aviareyslərin qiymətlərinə uyğun olmalıdır. Bundan başqa, otelin qonaqlama qiymətinin də 25 faizini ödəmək lazımdır.
Ulf Kristersson keçən ilin iyul ayında ABŞ-a uçanda, xanımı Birgitta onu hökumət təyyarəsində müşayiət edib. O, həmin ayın sonunda Helsinki səfərində də ərini müşayiət edib və bu səyahətlərin heç birinin pulunu ödəməyib. “Doğrudur, sual verəndə məlum oldu ki, sistemdə vəsaitin tutulması aparılmayıb. Baş nazir bizə düzgün məlumat verdi və nə etməli olduğumuzu gözləyirdi”, -deyən Nazirlər Şurasının üzvü Hans Bek, telekanalın proqramı əsnasında bütün bunları “anlaşılmazlıq” kimi izah edib.
İsveç rəsmisi Kristerssonun iki səfəri zamanı təxminən 1500 ABŞ dolları məbləğində olan aviabiletlərin və otellərin qiymətinin Baş nazirin hesabından tutulması ilə bağlı suala cavabında bildirib ki, bu məsələdə cavabdehlik məmurların üzərinə düşür.
Proqramın aparıcısı, həmçinin iddia edir ki, bir dövlət təyyarəsinin havada olduğu hər saatın vergi ödəyiciləri üçün xərci ictimaiyyətə bildiriləndən xeyli yüksəkdir. Kral və nazirlər dövlət təyyarəsindən istifadə etdikdə, Silahlı Qüvvələr üçün rəsmi saatlıq tarif 1000 dollardan çoxdur, lakin proqramda təqdim olunan rəqəmlərə görə, bu, faktiki xərclərin yalnız bir hissəsidir. Faktiki xərcin bir uçuş saatı üçün 7600-11500 dollar arasında olduğu təxmin edilir.
Baş nazir SVT telekanalının müxbirinə müsahibə verməkdən imtina edib. Onun sözçüsü Ulf Kristerssonun mövcud prosedurlara əməl etdiyini vurğulayıb.