SİYASƏT
İsveçdə yaşayan azərbaycanlılar İranın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirmişlər
Bakı, 21 may (AZƏRTAC). Mayın 20-də İsveç Krallığında yaşayan azərbaycanlılar Stokholmda İranın bu ölkədəki səfirliyi qarşısında rəsmi Tehranın son vaxtlar Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinə etiraz əlaməti olaraq nümayiş keçirmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, aksiyada Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), İsveç-Azərbaycan Federasiyası, İsveç Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Konqresi, Dünya Azərbaycanlıları Konqresi (DAK) və digər cəmiyyətlərin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak etmişlər.
İranın işğalçı Ermənistana göstərdiyi dəstək və dostluq münasibətinə, İranda yaşayan 35 milyon azərbaycanlının hüquqlarının pozulmasına etiraz edən soydaşlarımız “Qarabağı işğal edən Ermənistana yardımı dayandır!”, ”Təbrizdən Ermənistana yol olmaz!”, “Müstəqil Azərbaycandan əl çək!”, “İranda qadın daş-qalağına son qoyulsun!” şüarlarını səsləndirmişlər.
Etiraz aksiyasında çıxış edən GAİP-in İsveç təmsilçisi Səməd Fərtaş, AFİ-nin sədri Səttar Sevigin, DAK-ın həmsədri Cavad Derəxti, DAK-ın idarə heyətinin üzvü Məmməd Azər və başqaları müstəqil Azərbaycanın inkişafını qəbul edə bilməyən İranın ölkəmizə qarşı yeritdiyi qeyri-səmimi siyasətə etirazlarını bildirərək bu hərəkətlərə son qoyulmasının tələb etmişlər.
Sonda AFİ idarə heyətinin üzvü Ayda Amir Haşimi Güney Azərbaycan Konqresinin bəyanatını səsləndirmişdir.
Bəyanat üç dildə İranın İsveçdəki səfirliyinə təqdim olunmuşdur.