DÜNYA
İtaliyada mütəşəkkil cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyat keçirilib
Roma, 8 sentyabr, AZƏRTAC
İtaliyada “Ndrangheta” beynəlxalq mafiya qruplaşması ilə əlaqəsi olan və müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik qüvvələri müxtəlif şəhərlərdə mütəşəkkil cinayətkar qruplarına qarşı genişmiqyaslı əməliyyat keçirib. Səkkiz yüzdən çox polis əməkdaşının iştirak etdiyi əməliyyatda paytaxt Roma ilə yanaşı, Neapolda bəzi binalara basqın edilib.
Təhlükəsizlik qüvvələri Romada 80-dən çox ünvanda, Neapolda isə “İspan məhəlləsi” adlandırılan bölgədə axtarışlar aparıb.
Əməliyyat nəticəsində saxlanılan şəxslərin müxtəlif cinayətlər, o cümlədən korrupsiya, silah və narkotik alveri, zorakılıq aktları törətdiyi iddia edilir. Saxlanılanlardan 52 nəfəri ev dustaqlığına buraxılıb, 29 nəfər həbs edilib.
Xatırladaq ki, may ayında keçirilən oxşar əməliyyatda isə 61 nəfər həbs olunub. Bu istintaq çərçivəsində indiyədək isə ümumilikdə 170 nəfər saxlanılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma