DÜNYA
İtaliyada parlament üzvlərinin sayının azaldılmasına dair referendum keçirilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 20-21-də İtaliyada keçirilən regional və bələdiyyə seçkiləri ilə yanaşı, ölkə parlamentindəki nümayəndələrin sayının azaldılmasına dair referendum da baş tutub.
AZƏRTAC xəbər verir ki, referendumda əhali parlamentin Deputatlar Palatasında yerlərin sayının 630-dan 400-ə, Senatda isə 315-dən 200-ə azaldılmasına dair suala münasibət bildiriblər. Ümumxalq səsverməsində iştirak edənlərin 69 faizi parlament nümayəndələrinin sayının azaldılmasına dair islahata dəstək ifadə ediblər.
Ölkənin səsvermə hüququna malik 51,6 milyon əhalisinin 54 faizinin qatıldığı referendum parlamentdə islahatlar yolunda tarixi uğur kimi dəyərləndirilir və əsas hədəf ali qanunverici orqanın səmərəli fəaliyyətini təmin etməkdir. İslahat tərəfdarları parlamentin kiçildilməsi ilə eyni zamanda sayın azaldılması sayəsində vergi vəsaitlərinə qənaət edilməsini istəyirlər.
İtaliyanın Xarici İşlər naziri və “Beş ulduz hərəkatı”nın lideri Luici Di Mayo referendumun nəticəsini İtaliyanın 30 ildən bəri gözlədiyi uğur kimi qiymətləndirib. O qeyd edib ki, bu islahat İtaliyada dəyişiklik arzusunda olan hər bir vətəndaşın qələbəsidir. Bununla da İtaliyanın parlamentar sistemi Avropanın böyük ölkələrin demokratik sistemləri ilə səsləşəcək.
Qeyd edilməlidir ki, “Beş ulduz hərəkatı“nın növbəti hədəfi parlamentarilərin maaşlarının azaldılması üçün kampaniyaya start verməkdir.