İtaliyada Zaha Hadidin layihəsi üzrə Dəniz Muzeyinin tikintisi başlanır
Bakı, 31 mart, AZƏRTAC
Cənubi İtaliyanın ən qədim şəhərlərindən biri olan Reco-di-Kalabriyada İraq mənşəli britaniyalı məşhur memar və dizayner Zaha Hadidin layihəsi üzrə Dəniz Muzeyinin tikintisi başlanır. Zaha Hadid Pritsker mükafatına layiq görülmüş ilk qadın, Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifidir.
AZƏRTAC İtaliya kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, şəhərin Romada qəbul edilmiş adına uyğun olaraq “Regium sahili” adlandırılmış layihə 2007-2008-ci illərdə hazırlanıb. 2009-cu ildə Zaha Hadid bu layihəyə görə Reco-di-Kalabriya sahil küçəsinin yeni dizaynı üçün elan edilmiş beynəlxalq müsabiqədə qalib gəlib. Yalnız indi, o vaxtdan 10 ildən çox keçəndən, memarlıq dünyasının əfsanəsi sayılan Zaha Hadidin ölümündən sonra müəllifin niyyəti reallığa çevrilə bilər.
Zaha Hadidin studiyası (Zaha Hadid Architects) ilə bu günlərdə bağlanmış sazişin şərtlərinə görə, layihənin reallaşdırılması üçün 61 milyon avro ayrılması nəzərdə tutulur. Bu vəsait hələ Mario Draqi İtaliyanın hökumət başçısı olan dövrdə ayrılıb. O vaxt Dəniz Muzeyi strateji əhəmiyyətli 14 layihənin biri hesab edilmişdi.
Dəniz Muzeyinin (və ya layihədə adlandırıldığı kimi desək Aralıq Dənizi Muzeyinin) iki böyük binadan ibarət olması nəzərdə tutulur: əsas sahil xətti boyunca yerləşən muzey binası və çoxfunksiyalı kompleks. Şəhər vağzalı ilə üzbəüz yerləşən bu ərazi hazırda boş olsa da, bu gün həmin rayon diqqət mərkəzindədir. Bunun bir səbəbi də Messi körfəzinin üzərindən körpü tikintisinə marağın yenidən artmasıdır.
Layihəyə əsasən bu binaların ətrafında ictimai obyektlər məkanı yaradılması, o cümlədən yeraltı keçidlər inşa edilməsi, sahil küçəsi ilə şəhərin mərkəzindəki Villa Kommunare parkı arasında birbaşa əlaqə yaradılması nəzərdə tutulur.
Yeni ansamblda əsas yeri tutacaq Dəniz Muzeyi xarici görkəminə görə dəniz ulduzuna oxşayır. Muzeydə sərgi zalları, kitabxanalar, bərpa emalatxanaları və arxiv yerləşəcək. Muzey binasının altında motorlu qayıqlar və yaxtalar üçün liman qurulacaq.
İkinci “Dəniz ulduzu” - çoxfunksiyalı kompleks idman mərkəzi, kinoteatr və müxtəlif ölçülü üç tamaşa zalından ibarətdir. Həmin zallardan konfranslar, eləcə də tamaşalar və konsertlər keçirilməsi üçün istifadə etmək olar.
Yeni sahil küçəsi və oradakı tikililər Siciliya sahilindəki Messi körfəzindən baxanda aydın görünəcək. Onlar həm də şəhər limanına daxil olan gəmilər üçün oriyentir rolu oynayacaq.
Dünyaşöhrətli, özünəməxsus yaradıcılıq üslubu ilə seçilən Zaha Hadidin işləri onun ölümündən sonra da yaşayır. Memara dünya şöhrəti gətirmiş ilk iri obyekt Almaniyadakı Vitra yanğınsöndürmə stansiyası olub. Daha sonra Romada XXI əsr Milli İncəsənət Muzeyi (MAXXI), 2012-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün Londondakı su idmanı növləri mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzi, Sinsinnatidəki Rozental adına Müasir İncəsənət Mərkəzi, Quançjoudakı Opera Teatrı kimi məşhur layihələrin müəllifi də Zaha Hadid olub.
Memar Bakıdakı Heydər Əliyev Mərkəzini özünün əsas layihələrindən biri hesab edirdi. 2014-cü ildə bu bina memarlıq sahəsində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb: London Dizayn Mərkəzi onu “İlin layihəsi” adlandırıb. Zaha Hadid 2016-cı il martın 31-də 65 yaşında vəfat edib.