“JBT” İslandiyanın ən bahalı “Marel” şirkətini 3,5 milyard avroya almağa hazırdır
Bakı, 20 yanvar, AZƏRTAC
Amerikanın qida sənayesi üçün texnoloji həllər işləyib hazırlayan “John Bean Technologies Corp.” (JBT) şirkəti İslandiyanın “Marel” şirkətini borcları hesablanmaqla, təxminən 3,5 milyard avro dəyərləndirərək, onu almaq niyyətini bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “JBT” şirkətin bütün səhmlərini 2,71 milyard avroya əldə etmək və 872 milyon avro həcmində borcu öz üzərinə götürmək niyyətindədir. Cümə axşamı “Marel”in bazar qiyməti təxminən 2,3 milyard avro təşkil edib ki, bu da İslandiyanın birjada satış edən bütün şirkətləri arasında rekord kapitallaşmadır.
“Marel” öz səhmlərini 2019-cu ildə yerləşdirərək, 2,65 milyard avro həcmində qiymətləndirmə əldə edib. Şirkət avadanlıq, sistemlər, proqram təminatı, həmçinin quşçuluq, ətçilik və balıqçılıq sənayesi üçün xidmətlər hazırlayır və tədarük edir. Şirkət 30 ölkədə təmsil olunur, əməkdaşlarının ümumi ştatı təxminən 6 min nəfər təşkil edir.
“JBT” sövdələşməni 950 milyon avro həcmdə pul vəsaiti və “JBT Marel Corporation” adlandırılacaq yeni şirkətin səhmləri ilə ödəmək niyyətindədir. Şirkətin mənzil-qərargahı Çikaqoda yerləşəcək, o, Nyu-York fond birjasında əsas listinqdə, İslandiyada “Nasdaq” birjasında ikinci listinqdə yer tutacaq. “Marel”in səhmdarlarına birləşmiş şirkətin təxminən 38 faizi məxsus olacaq.
“Marel”in ən böyük səhmdarı olan “Eyrir Invest” investisiya şirkəti (səhmlərin 24,7 faizinə sahibdir) razılaşmanı dəstəkləyəcəyini bildirib.