CƏMİYYƏT
KAICIID-in Direktorlar Şurasının sədr müavinləri bəlli olub
Bakı, 29 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya səfəri çərçivəsində noyabrın 27-də Lissabonda keçirilən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk növbədə, KAICIID-in Direktorlar Şurası sədrinin müavinlərinin seçkiləri keçirilib.
Seçkidə Allahşükür Paşazadənin 9 nəfərlik Direktorlar Şurasının üzvü olaraq namizədliklərini irəli sürdüyü şəxslər - Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel Adamakis və İraq təmsilçisi Əbdülvahab Əhməd Həsən Əl-Samariyyə sədr müavinləri olaraq təsdiqləniblər.
Sonra şeyxülislam Mərkəzin fəaliyyətinə dair cari və perspektiv məsələlərin müzakirələrində iştirak edib. Gündəlikdə olan və müzakirə edilən məsələlər barədə öz fikirlərini, tövsiyələrini iclas iştirakçılarının diqqətinə çatdıran QMİ sədri KAICIID-in cari və nəzərdə tutulan layihələrinə dair təkliflərini səsləndirib.
Mərkəzin büdcəsi və maliyyə məsələlərinə dair, habelə KAICIID xətti ilə keçiriləcək beynəlxalq tədbirlər barədə konstruktiv qərarlar qəbul edilib.
Qeyd edək ki, KAICIID dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından biri hesab olunur.