KANADADA YAŞAYAN AZƏRBAYCAN VƏ TÜRK İCMALARI ERMƏNİ TERRORUNU PİSLƏYƏN MİTİNQ KEÇİRMİŞLƏR
Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, 1982-ci il avqustun
27-də Türkiyə səfirliyinin hərbi attaşesi polkovnik Atilla Altıkatın erməni terrorçuları tərəfindən öldürülməsinin 25-ci ildönümü ilə əlaqədar Ottava şəhərində onun qətlə yetirildiyi yerdə Kanada Türk Assosiasiyaları Federasiyası mitinq keçirmişdir.
Mitinqdə Ottava, Toronto və Montreal şəhərlərində yaşayan türk və Azərbaycan icmalarının, Kanada parlamentinin, mətbuatın, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri iştirak etmişlər.
Erməni terrorçuluğundan, bu qətli törədən cinayətkarların hələ də cəzasız qalmasından danışan mitinq iştirakçıları birtərəfli informasiya nəticəsində Kanadanın qondarma erməni “soyqırımını” tanımasından təəssüfləndiklərini bildirmiş, bu tarixi ədalətsizliyə son qoyulacağına əmin olduqlarını söyləmişlər.
Mitinqdə çıxış edən Ottava Azərbaycan İcmasının nümayəndəsi Yaşar Muğan, Atilla Altıkatın erməni terrorçularının Kanadada və dünyada törətdikləri terror aktlarının qurbanlarından biri olduğunu vurğulayaraq, ermənilərin keçən əsrin əvvəllərindən başlayaraq indiyə qədər Azərbaycan xalqına qarşı təcavüzü davam etdirdiklərini diqqətə çatdırmışdır. Y.Muğan demişdir ki, etnik təmizləmə siyasəti aparan erməni dövləti azərbaycanlıları öz əzəli torpaqlarından silah gücünə çıxarmış, Azərbaycan ərazilərini işğal etmiş, hərbi təcavüz nəticəsində 1 milyondan çox azərbaycanlı öz Vətənində qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənilər Azərbaycanın Xocalı şəhərini yer üzündən silərək, XX əsrin ən dəhşətli faciəsini törtmişlər. Terroru iyrənc məqsədə çatmaq üçün vasitəyə çevirən ermənilər Azərbaycanın dəmir yollarında, paytaxt Bakının metrosunda çoxlu insan tələfatı ilə nəticələnən partlayışlar törətmişlər. O, Kanada siyasətçilərini terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanı pisləməyə çağırmışdır.
Sonra Kanada parlamenti binasının qarşısında türk diplomatının xatirəsinə şamlar yandırılmışdır.
Ottava Azərbaycan İcmaları Assosiasiyası adından Kanadanın dövlət və hökumət qurumlarına, parlamentinə müraciət qəbul olunmuşdur.