Karin Ştrents: Azərbaycan Almaniya üçün vacib ölkədir
Bakı, 14 may, AZƏRTAC
Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun ölkəmizdə səfərdə olan nümayəndələri mayın 14-də Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Almaniya əlaqələrindən, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsindən danışılıb.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rövşən Rzayev bildirib ki, bu cür görüşlər iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Qeyd edilib ki, Azərbaycan ilə Almaniya arasında dərin tarixi köklər var. İqtisadi əlaqələrimiz inkişaf edir. Parlamentlərarası əlaqələr daha da genişləndirilməlidir.
Rövşən Rzayev Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları barədə də məlumat verib və bu mötəbər yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək ölkəmizin ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Nümayəndə heyətinin rəhbəri xanım Karin Ştrents bildirib ki, Azərbaycan Almaniya üçün vacib ölkədir və bugünkü görüşdə dostluq qrupunun fəal üzvləri iştirak edirlər. Almaniya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyir. Karin Ştrents vurğulayıb ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox mühüm hadisədir: “Biz də bu mötəbər tədbirdə iştirak edəcəyik və Oyunları izləyəcəyik. İdman xalqlar arasında dostluq münasibətləri yaradır”.
Nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduğunu bildirib. O deyib: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ümid edirik ki, bu münaqişə tezliklə həll ediləcək”.