İDMAN
Karyerasını 39 yaşında bərpa edən futbolçu: Növbəti mövsümdə də oynaya bilərəm
Bakı, 27 mart, AZƏRTAC
“Karyeramı bərpa edərək “Cəbrayıl” kimi komandada çıxış etmək qürurvericidir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında yenidən futbolçu karyerasını bərpa edərək II Liqa təmsilçisi “Cəbrayıl”la mövsümün sonunadək anlaşan Ruslan Əmircanov deyib.
Azərbaycan millisinin sabiq üzvü daha əvvəl də futbola qayıtmaq barədə düşündüyünü söyləyib: “Özümü yaxşı hiss edirəm. Hazırda çalışdığım “Araz-Naxçıvan”da öz üzərimdə işləyirəm. “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynova oynamaq istədiyimi demişdim. O da bunu dəyərləndirdi və məni komandasına dəvət etdi. Cəbrayıl adı ilə təmsil olunan klubda oynamaq gözəl hissdir”.
39 yaşlı müdafiəçi 18 turdan sonra 37 xalla üçüncü pillədə qərarlaşan “Cəbrayıl” komandasının hədəflərindən də söz açıb: “Əlbəttə, istəyimiz yuxarı pillələrdə olmaq və Cəbrayıl adını layiqincə təmsil etməkdir. Öz təcrübəmi komandanın heyətində olan futbolçularla bölüşərək uğurlu nəticələr qazanmaq istəyirəm. Mən bura pula görə deyil, komandaya kömək etmək üçün gəlmişəm. Yaxşı formada olduğumu hiss etsəm, növbəti mövsüm də yaşıl meydanlarda olacağam”.
Qeyd edək ki, Ruslan Əmircanov karyerası ərzində “Neftçi”, “İnter” (indiki “Şamaxı”) və “Qəbələ” kimi iddialı komandaların şərəfini qoruyub.