KEÇMİŞ SOVET AGENTİ BÖYÜK BRİTANİYAYA QARŞI MƏHKƏMƏ İŞİNİ UDMUŞDUR
Bleyk 1950-ci illərin əvvəllərində Britaniyanın Mİ6 xarici kəşfiyyat orqanında işləyərkən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi ilə əməkdaşlığa könüllü olaraq razılaşmışdır. 1961-ci ildə o, ifşa olunmuş və Sovet İttifaqının xeyrinə casusluğa görə 42 il müddətinə həbs cəzasına məhkum edilmişdir. Lakin beş il ciddi rejimli həbsxanada qaldıqdan sonra qaçıb, Moskvaya getməyə müvəffəq olmuşdur.
Sonralar Bleyk avtobioqrafiyasını yazaraq nəşr etdirmişdir. Lakin Britaniya məhkəmə orqanlarının qərarı ilə 90 min funt sterlinq məbləğində müəllif qonorarına həbs qoyulmuşdur. Belə ki, xüsusi xidmət idarəsinin əməkdaşı kimi Bleykin öz xatirələrini açıqlamağa ixtiyarı yox idi və bu barədə iltizam vermişdi.
Bu cür qərarla razılaşmayan sabiq kəşfiyyatçının çəkişmələri Birləşmiş Krallığın müxtəlif məhkəmə instansiyalarında 10 ilədək davam etmişdir. Bundan sonra Bleyk Böyük Britaniya hökumətini prosesi uzatmaqda təqsirləndirmişdir.
Nəhayət, sentyabrın 27-də Strasburq Məhkəməsi onun xeyrinə hökm çıxarmışdır. Məhkəmənin qərarında deyilir ki, “Britaniya tərəfi keçmiş agentin şikayətinə baxılmasını əsassız olaraq uzatmış, bu işə baxılarkən lazımi səy göstərməmişdir”. Bununla əlaqədar 83 yaşlı Corc Bleykə zərərin əvəzinin ödənilməsi üçün 5 min avro və məhkəmə xərclərinin ödənilməsi üçün 2 min avro veriləcəkdir.
Qeyd edək ki, 1966-cı ildə Bleykin “Uormvud skrəbs” həbsxanasından qaçması əsil sensasiya olmuşdur. Çünki o vaxtadək buradan, demək olar, heç kim qaça bilməmişdi. 1960-cı illərdə sovet casusları da burada saxlanılırdı.
Bəs Bleyk buna necə müvəffəq olmuşdu? Bəzi məlumatlara görə, ona bir neçə adam kömək etmişdir. Ehtimallardan birinə görə, bu əməliyyatda əsas rolu irlandiyalı terrorçu Şon Alfons Berk oynamışdır. Qaçışdan bir gün əvvəl o, Bleykin kamerası ilə radiorabitə yaratmışdır. Bleyk azad edildikdən sonra Berk onu həbsxananın yaxınlığındakı mənzilində gizlətmiş və onu burada axtarmaq heç kimin ağlına gəlməmişdir.
Başqa bir ehtimala görə, sovet agentinin digər köməkçisi Çexoslovakiya kəşfiyyatına işləyən Rendl olmuşdur. O, Bleyki həbsxananın darvazası yaxınlığında qarşılamışdır. Bleyk dəmir barmaqlığın laxlayan dəmir çubuğunu sındıraraq dama çıxmış və 6 metr hündürlükdən tullanmışdır. İki aydan sonra Bleyk La-Manş boğazı ilə ölkədən çıxarılmışdır.