Kembric ingilis dili kvalifikasiyaları üzrə əməkdaşlıq istiqamətləri müzakirə olunub
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Dövlət İmtahan Mərkəzi (DİM) və “Akela Education and Training Center” MMC-nin nümayəndələri arasında Kembric ingilis dili kvalifikasiyaları üzrə əməkdaşlıq istiqamətləri ilə bağlı görüş keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, görüşdə Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları və DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi statusunu əldə edən “Akela Education and Training Center” MMC-nin rəhbəri iştirak ediblər.
Görüşdə tərəflər əməkdaşlıq çərçivəsində görüləcək işləri, test mərkəzi olaraq DİM-in müvafiq imtahanların təbliğatında Hazırlıq Mərkəzinə dəstəyini, Hazırlıq Mərkəzinin isə öz növbəsində müəllim heyəti və tələbələri, habelə maraqlı tərəflər arasında Kembric ingilis dili kvalifikasiyalarının təbliği və təşkilindən irəli gələn məsələlərin icrasını müzakirə ediblər.
Qeyd edək ki, 2023-cü il martın 15-də imzalanan əməkdaşlıq müqaviləsinə əsasən Kembric ingilis dili kvalifikasiyaları üzrə test mərkəzi olan DİM “Akela Education and Training Center” MMC-yə Kembric ingilis dili kvalifikasiyaları üzrə rəsmi Hazırlıq Mərkəzi statusunu verib.
Ölkəmizdə ingilis dilini tədris edən pedaqoji heyətin və şagirdlərin müvafiq bacarıqlarının təkmilləşdirilməsi üçün yeni imkanlar yaratmaq məqsədilə DİM-in nəzdində Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi Hazırlıq Mərkəzi kimi fəaliyyət göstərmək hüququnu əldə etmək üçün [email protected] ünvanına “Hazırlıq Mərkəzi” başlığı ilə müraciət edə bilərsiniz.