KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALÇILARINA DÖVLƏT DƏSTƏYİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılsın.
2. “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli 468 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 844; 2005-ci il, № 9, maddə 839) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
2.1. 2-ci bənddə “texnikasının” sözündən sonra “, texnoloji avadanlıqların” sözləri, “və ya satılmasını” sözlərindən sonra “və onlara texniki servis xidməti göstərilməsini” sözləri əlavə edilsin;
2.2. 3.1-ci bənddə “texnikasının” sözündən sonra “, texnoloji avadanlıqların” sözləri əlavə edilsin;
2.3. 3.2-ci bənddə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
3.1. sığortalanmasına dövlət tərəfindən maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinə və sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin faizinə yenidən baxılmasını təmin etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;
3.3. 15 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara mineral gübrələrin güzəştlə satılması qaydalarını hazırlayıb təsdiq etsin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə bir ay müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsini təmin etsinlər.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar 2007-ci il.