“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tərtərdə keçirilib
Tərtər, 3 iyul, AZƏRTAC
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tərtər rayonunda keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Səhləbad və Əskipara kəndlərində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək, layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur.
Tədbirdə rayonun Səhləbad və Əskipara kəndlərindən 50 məktəbli uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. Gənc futbolçular öz bacarıqlarını nümayiş etdiriblər.