“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna yürüş təşkil olunub VİDEO
Ağstafa, 27 sentyabr, Famil Quliyev, AZƏRTAC
27 sentyabr - Beynəlxalq Turizm Günü ilə əlaqədar ”Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə tarixi abidəyə yürüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yürüş iştirakçıları əvvəlcə Ağstafa şəhərindəki Səməd Vurğun parkında təşkil edilmiş sərgi ilə tanış olublar. Burada onlara qoruğun şəkilləri əks olunmuş hədiyyələr, geyim əşyaları və bukletlər təqdim edilib.
Sonra iştirakçılar “İlham Əliyev” zirvəsinə qalxıblar. Qoruğun direktoru Musa Mursaqulov yürüş iştirakçılarına bu yerlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, qoruğun ərazisində ulu əcdadlarımızdan miras qalmış, yaşı 2 min ilə çatan təbii və sonradan tikilmiş 70-dək mağara, ilkin orta əsrlərdə Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən inşa edilmiş 1 qala, orta əsrə aid 2 alban məbədi, tarixi atəşpərəstlik dövrünə gedib çıxan, yerli əhali arasında şəfaverici suyu olan məkan kimi tanınan 1 inanc yeri mövcuddur. “Keşikçidağ” mağaralar kompleksindən 3 kilometr cənubda son tunc-erkən dəmir dövrünə aid edilən, yaşı eramızdan əvvəl ikinci minilliyin əvvəllərinə gedib çıxan 100-ə yaxın kurqan aşkarlanıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Mənsur Mənsurov qeyd edib ki, yürüşün məqsədi qoruğun qorunması, tanınması məqsədilə görülən işlərlə tanış olmaqdır. O, yürüş iştirakçılarına “Keşikçidağ”ın tarixi, təbiəti, abidələri barədə ətraflı məlumat verib.
Qeyd edək ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi Gürcüstanla sərhəd boyunca 25 kilometr uzanır.