KİV: Futbolçu Ramosun 2018-ci ildəki dopinq testi nöqsanlı olub
Bakı, 30 dekabr, AZƏRTAC
İspaniya millisinin tərkibində futbol üzrə 2010-cu ilin dünya çempionu, Madridin “Real” klubunun heyətində Çempionlar liqasının dördqat qalibi, İspaniyanın “Sevilya” komandasının müdafiəçisi Serxio Ramos 2018-ci ildə dopinq testindən keçməkdən imtina etdikdən sonra istintaqdan yayınıb, çünki testləşmə prosedurunu həyata keçirməyə cəhd edərkən agentlər tərəfindən pozuntulara yol verilib. Bu barədə İspaniyanın “Relevo” portalı məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, mənbənin məlumatına görə, o vaxt “Real”ın tərkibində çıxış edən Ramos 2018-ci ilin aprelində “Malaqa”ya qarşı İspaniya çempionatının oyunundan sonra dopinq testindən keçməli idi. Oyunçu duş qəbul etməzdən əvvəl nümunə verməkdən imtina edib. İdmançılar yarışlar bitdikdən dərhal sonra test verməlidirlər, bu prosedura riayət etməkdən imtina edilməsi antidopinq qaydalarının pozulması hesab oluna bilər. Lakin dopinq nəzarəti tələb olunan iki nəfər əvəzinə bir nəfər tərəfindən həyata keçirilib və buna görə də Ramos cəzadan yayınıb. Qeyd olunur ki, dopinq nəzarəti həyata keçirən agent müvafiq akkreditasiyaya malik olub, dopinq nəzarətdə iştirak edən ikinci insan onun akkreditasiyası olmayan atası olub.
Daha əvvəl “Relevo” ispan nəşri İspaniya Antidopinq Agentliyinin 2017-2022-ci illər ərzində idmançılardan nümunə götürmə qaydalarını pozduğunu və idmançıların nümunələrindən müsbət nəticələr barədə Ümumdünya Antidopinq Agentliyinə məlumat vermədiyini bildirmişdi.
Ramos 37 yaşındadır, o 2023-cü ildən bəri “Sevilya”nın tərkibində çıxış edir, komandanın yetirməsi olan müdafiəçidir, bundan əvvəl 2003-2005-ci illərdə klubun tərkibində oynayıb. 2005-2021-ci illərdə Ramos “Real”ın tərkibində çıxış edib və bu komanda ilə beş dəfə İspaniya çempionu olub, dörd dəfə Çempionlar liqasını, ölkə Superkubokunu qazanıb və klublar arasında dünya çempionatında qalib gəlib, üç dəfə UEFA Superkubokunun, iki dəfə İspaniya Kubokunun qalibi olub. 2021-2023-cü illərdə Ramos Fransanın “Pari Sen-Jermen” klubunun oyunçusu kimi, onun tərkibində ikiqat Fransa çempionu olub və bir dəfə ölkə superkubokunu udub.
Ramos oyunların sayına (180) görə İspaniya yığmasının rekordçusudur. Müdafiəçi milli komandanın tərkibində dünya çempionu (2010) və ikiqat Avropa çempionatlarının (2008, 2012) qalibi olub. 2023-cü ilin fevralında Ramos yığmadakı karyerasına son qoyub.