Kiyevdə Türkiyə vətəndaşını qarət edən iki əcnəbi saxlanılıb
Kiyev, 16 may, AZƏRTAC
Ukrayna polisi Kiyevin mərkəzində Türkiyə vətəndaşına hücumda və onu qarət etməkdə şübhəli bilinən iki əcnəbini saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev polisi “Telegram” kanalında məlumat yayıb.
Hücum edənlər zərərçəkmişin arxasınca gedərək evin həyətində avtomobilindən düşən zaman ona bıçaqla hücum ediblər. Onlar Türkiyə vətəndaşını ayağından yaralayaraq ondan 4500 dollar və iki mobil telefon oğurlayıblar.
Polis tez bir zamanda şübhəliləri aşkar edib və indi onlar həbsdədir.
Silahlı qarət törətdiklərinə görə cinayətkarları əmlakı müsadirə olunmaqla 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev