“KOALİSİYA 1325” QADIN QURUMUNUN ÜÇÜNCÜ MİLLİ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR
“Koalisiya 1325”-in üzvü, “Neftçi qadınlar” cəmiyyətinin sədri Solmaz Hacıyeva BMT-nin Qadınlar üçün İnkişaf Fondunun (YUNİFEM) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsinin dəstəyi ilə yaradılmış milli koalisiyanın fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən bu qurumun məqsədi qərarların qəbul edilməsində və sülh proseslərində qadınların real iştirakını təmin etməkdən ibarətdir.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin (QPDK) sədri Zəhra Quliyeva, YUNİFEM layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi Gülşən Paşayeva Azərbaycan hökumətinin 2006-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı hazırladığını, QPDK -nın qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə yeni Milli Fəaliyyət Planı üzrə çalışdığını diqqətə çatdırmışlar. Onlar BMT-nin, vətəndaş cəmiyyəti və gender bərabərliyi tərəfdarlarının dəstəyi ilə gender prioritetlərinin hər iki sənəddə kifayət qədər geniş şəkildə tətbiqinin təmin edilməsinin zəruriliyini vurğulamışlar.
“Koalisiya 1325” qadın qurumunun sədri Səcidə Əbdülvahabova bu ilin iyul-avqust aylarında milli koalisiya və QPDK-nın iştirakı ilə Azərbaycanın 14 regionunda “Yerli əhalidən hökumətə doğru - Azərbaycanda gender bərabərliyi prioritetlərinin müəyyən edilməsinə dəstək” mövzusunda keçirilən forumlar bərədə ətraflı məlumat vermişdir.
Konfrans işçi qruplarında işini davam etdirmişdir.