ELM VƏ TƏHSİL
Kollektiv monoqrafiya: Təbii mənşəli karbon turşularının dekarboksilləşməsi
Bakı, 9 iyul, AZƏRTAC
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - professorlar Arif Həsənov, Leylufər Əliyeva və kimya üzrə fəlsəfə doktoru, dosent İlqar Əyyubovun həmmüəllifi olduğu “Təbii mənşəli karbon turşularının dekarboksilləşməsi” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, rus və ingilis dillərində tərtib olunan monoqrafiyada neft-kimya sintez məhsullarının çeşidini genişləndirmək üçün müxtəlif katalizatorların iştirakı ilə bərpa olunan xammaldan təcrid edilmiş üzvi karboksilli turşuların, o cümlədən neft turşularının dekarboksilləşməsinin öyrənilməsinə dair materiallar yer alıb.
Yeni nəşrdə təbii və sintetik aluminosilikatlar, həmçinin metal oksidləri olan nanoölçülü katalizatorların iştirakı ilə karbon və neft turşularının bütün siniflərinin dekarboksilləşmə reaksiyasının elmi cəhətlərinin nəticələri əks olunub.
Kitab magistr və doktorantlar, eləcə də neft-kimya sintezi sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulur.