Komitə sədri: Azərbaycan xanlıqlarının parçalanması çar Rusiyasının işğal siyasətini asanlaşdırdı
Bakı, 3 dekabr, AZƏRTAC
Tarixi proseslər göstərir ki, mövcud olan 21 xanlıq eyni dilə və eyni dinə mənsub olsalar da, birlik yaratmağı bacarmadılar. Hər xanlıq öz mənafeyini önə çəkir, bəzən rəqibini zəiflətmək üçün xarici qüvvələrdən, xüsusilə çar Rusiyasından dəstək almağa çalışırdı. Məhz bu parçalanma rus qoşunlarının bölgəyə dəfələrlə yürüş etməsinə və nəticədə xanlıqların bir-birinin ardınca işğal olunmasına gətirib çıxardı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına həsr olunmuş dəyirmi masada söyləyib.
O bildirib ki, çar Rusiyasının işğalı yalnız siyasi deyil, həm də mədəni-mənəvi təsir göstərdi. Həm çar Rusiyası, həm də sovet dövründə qanunlarımız dəyişdirildi. Milli yaddaşımız yenidən formalaşdırılırdı. Cəmiyyətə “siz birləşə bilmədiniz, sizi biz birləşdirdik” kimi fikirlər təlqin edilirdi.
"Bu proses bununla da məhdudlaşmadı. Elə həmin dövrdə Azərbaycan torpaqlarına dair erməni iddialarının formalaşdırılması və yönləndirilməsi üçün şərait yarandı. Ermənilər yazırdılar: “Nə yaxşı ki, Rusiyanın ardınca biz də bu torpaqlarda yer tapdıq”. Beləliklə, uzun illər boyu Azərbaycana qarşı siyasi və ideoloji təzyiqlərin əsası məhz həmin işğal siyasəti ilə qoyuldu", - deyə A.İsgəndərov əlavə edib.