“Kommersant”: Xanım Pelosinin səfərindən sonra amerikalı diplomatlar yenə yanğını söndürməli olacaqlar
Moskva, 19 sentyabr, AZƏRTAC
Nensi Pelosi ola bilsin öz adından, bəlkə də Konqresin adından danışırdı, amma Vaşinqtonda xarici siyasəti Dövlət Departamenti və Prezident müəyyən edir, onlar isə bütün bu müddət ərzində bitərəf qalmağa çalışaraq, həm Yerevanı, həm də Bakını eskalasiyaya son qoymağa çağırıblar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Rusiyada çıxan “Kommersant” nəşrində ABŞ Nümayəndələr Palatasının spikerinin Ermənistana səfərinə həsr edilmiş məqalədə öz əksini tapıb.
Nəşr xatırladır ki, Nensi Pelosinin özünün sözlərinə görə, o, Yerevana vasitəçi kimi deyil, dost kimi gəlib və “bütün ABŞ Konqresinin” fikrini ifadə edir. Məqalədə deyilir: “Amma Vaşinqtonda xarici siyasəti Dövlət Departamenti və Prezident müəyyən edir, onlar isə bütün bu müddət ərzində bitərəf qalmağa çalışaraq, həm Yerevanı, həm də Bakını eskalasiyaya son qoymağa çağırıblar”.
Məqalə müəllifləri onu da qeyd ediblər ki, ABŞ Nümayəndələr Palatasının spikeri öz pencəyinin yaxasına “erməni soyqırımının qurbanları” xatirəsinin rəmzi kimi yaddaş çiçəyi şəklində sancaq taxıb. Nəşrdə deyilir: “Əlbəttə, bunu Yerevanda qiymətləndiriblər, amma yəqin ki, Türkiyədə də yadda saxlayıblar”.
“Kommersant”dakı məqalədə bu da xatırladılır ki, Nensi Pelosi erməni jurnalistlərin ona ünvanlanmış “Ermənistan KTMT-dən çıxacağı halda Vaşinqton Yerevana alternativ təhlükəsizlik sistemi təklif edə bilərmi?” sualına özü cavab vermək əvəzinə mikrofonu energetika və kommersiya məsələləri komitəsinin sədri Frenk Palloneyə verib. Pallone hər hansı vədlər verməkdən və ya çağırışlar etməkdən boyun qaçıraraq xatırladıb ki, Ermənistan Rusiya ilə bərabər Təhlükəsizlik Təşkilatının üzvüdür və onlar özləri başa düşmək istəyirlər ki, ABŞ bu güc strukturuna müraciət etmədən nə edə bilər.
Nəşr oxucuları Pelosinin səfərinə Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası ilə də tanış edib. Azərbaycana ünvanlanmış əsassız və ədalətsiz ittihamları qəbuledilməz adlandıran Azərbaycan xarici siyasət idarəsi ABŞ Nümayəndələr Palatasının spikerinin bəyanatı ilə əlaqədar dərindən təəssüfləndiyini bildirib və vurğulayıb ki, bu bəyanat regionda vəziyyəti təhrif edir.
Materialda deyilir: “Çox ehtimal ki, bu yaxınlarda baş vermiş Tayvan epopeyası ilə bağlı halda olduğu kimi, xanım Pelosi Ermənistanı tərk edəndən sonra amerikalı diplomatlar yenə yanğını söndürməli və izah etməli olacaqlar ki, Nümayəndələr Palatasının spikeri öz fikrini bildirmək hüququna malikdir, çünki demokratiyalar belə işləyir. Lakin ABŞ Ermənistan-Azərbaycan münaqişəsində rəsmi vasitəçilərdən biri olduğuna görə, sülhyaratma baxımından Nensi Pelosinin belə çıxışları yəqin ki, ABŞ-ın zərərinə olacaq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva