KONKUR ÜZRƏ “BAHAR KUBOKU” TURNİRİNİN QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Bakı, 25 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə aprelin 25-də Bakı Dövlət Cıdır Meydanında konkur üzrə “Bahar kuboku” turniri keçirilmişdir.
Bu il mayın 8-dən 10-dək Dövlət Sərhəd Xidmətinin Novxanıdakı təlim-məşq bazasında keçiriləcək konkur üzrə Dünya Kubokunun “Csi 2*-W Baku” mərhələ yarışlarına, eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunacaq “Heydər Əliyev kuboku” uğrunda ənənəvi beynəlxalq Qran-pri turnirinə hazırlıq məqsədi daşıyan yarışda “Günay”Atçılıq Təsərrüfatını, Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Atçılıq İdman Klubunu və Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbini təmsil edən 8 idmançı 10 atla mübarizəyə qoşulmuşdur.
Turnirin birinci günündə idmançılar 12 tullanışla 120 santimetr, ikinci gün isə 130 santimetr hündürlüyü olan 10 maneəni dəf etməli olmuşlar.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində davam edən iki günün nəticələrinə görə marşrutu cərimə xalsız və eyni vaxt çərçivəsində - 67 saniyəyə dəf edən üç idmançı - “Günay” Atçılıq Təsərrüfatının yetirmələri Ramiz Rzayev (“Qırat” ləqəbli atla) və Seyid Musayev (“Qrom” ləqəbli atla), həmçinin Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbinin təmsilçisi Elmar Abdullayev (“Ağrı” ləqəbli atla) arasından qalibi müəyyən etmək üçün təkrar tullanış keçirmək barədə qərar qəbul edilmişdir.
Bundan əvvəl, yəni aprelin 4-də keçirilmiş “Bakı kuboku” turnirində “Qırat” ləqəbli atla qalib adını qazanmış “Günay” Atçılıq Təsərrüfatının təmsilçisi Ramiz Rzayev bu dəfə də eyni atla rəqiblərini üstələmiş və marşrutu 1 cərimə xalı ilə 40,48 saniyəyə başa vuraraq birinci olmuşdur. Olimpiya Ehtiyatları Atçılıq İdman Məktəbinin nümayəndəsi Elmar Abdullayev ikinci, “Günay” Atçiliq Təsərrüfatının daha bir təmsilçısi - Seyid Musayev isə üçüncü nəticə göstərmişlər.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev qalibləri təbrik etmiş və onlara diplom və pul mükafatları vermişdir.
Sonda ARAF-n rəhbərliyi idmançılarla xatirə şəkli çəkdirmişdir.