KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN AÇIQ MƏHKƏMƏ İCLASI KEÇİRİLMİŞDİR
İclasda vətəndaş Nailə Yasər qızı Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya işinə baxılmışdır.
Konstitusiya məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini ərizəçinin nümayəndəsi R.Səmədovun və cavabverən orqanın – Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndəsi A.Kalbalıyevin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.
Qərarda deyilir ki, N.Məmmədovanın “Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyətinin və onun həmkarlar ittifaqı komitəsinin birgə 2 saylı protokolunun, G.Rəhimovaya verilmiş 2002-ci il 10 oktyabr tarixli 44 saylı xidməti orderin ləğv edilməsi, ailə üzvləri ilə birlikdə yaşadığı otağa pasport qeydiyyatına alınması barədə iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 2 sentyabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 417.0.3-cü, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.