“Könüllü qonaq” Nərimanov rayonunda
Bakı, 16 iyun, AZƏRTAC
Öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
AKƏM-dən AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi karantin rejimi ilə əlaqədar tənha yaşlı insanlara könüllülərin ziyarətini təşkil etmək, onlara tək olmadıqlarını hiss etdirmək, bu qəbildən şəxslərə sosial məsafə və davranış qaydalarını izah etmək, sağlamlıqlarının qorunması üçün maarifləndirmə işləri aparmaqdan ibarətdir.
Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib. AKƏM tərəfindən növbəti dəfə “Könüllü qonaq” aksiyasına start verilib. Bu nəcib və maraqlı aksiyaya böyük fəallıqla və həvəslə qoşulan könüllülər iyunun 16-da fəaliyyətə keçərək müxtəlif könüllü təşkilatlarının nümayəndələrindən ibarət qruplar təşkil etməklə Nərimanov rayonunda yaşayan tənha və imkansız yaşlılara evlərində sosial məişət xidməti göstərməyə başlayıblar. Könüllülər xüsusi karantin rejiminin qaydalarına ciddi əməl edərək, tibbi maskadan, əlcəkdən və digər qoruyucu vasitələrdən istifadə etməklə, eləcə də sosial məsafənin saxlanılması şərti ilə tənha yaşlılara evlərində təmizlik işlərinin görülməsində, yemək hazırlanmasında, gündəlik lazımi ərzaq məhsullarının alınıb çatdırılmasında, həyət tipli evlərdə həyətyanı sahənin təmizlənməsi və sair işlərdə kömək göstəriblər.
Könüllülər bu cür tədbirlərlə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mübarizədə dövlətimizə və xalqımıza dəstək olduqlarını bir daha nümayiş etdiriblər.