“Kosmos teleskopların gözü ilə” - elmi konfrans
Bakı, 15 aprel, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə rəsədxanada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kosmos teleskopların gözü ilə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri tədbirdə Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyi vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycanda dünya elminin tələblərinə cavab verən multidisiplinar tədqiqatların aparılması məhz Heydər Əliyevin elm və təhsil sahəsində apardığı uğurlu islahatların nəticəsidir.
Filialın direktoru dosent Tünzalə Yusifova bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə elm və təhsil sahəsində böyük nailiyyətlər qazanılıb. Hazırda Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. T.Yusifova respublikamızda elm və təhsil sahəsinə xüsusi diqqət göstərildiyini deyib.
Rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılovun “Müasir Astrofizikanın tədqiqat istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Alim kosmik tədqiqatların keçdiyi inkişaf mərhələlərindən və perspektiv kosmik araşdırmaların mahiyyətindən danışıb. O, eyni zamanda, rəsədxanada aparılan kosmik tədqiqatlar, o cümlədən rəsədxananın qoşulduğu beynəlxalq layihələr haqqında məlumat verib.
Rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri dosent Nazim Hüseynov “Fəal nüvəli qalaktikaların tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Fəal nüvəli qalaktikalar haqqında ümumi məlumat verən alim həm də konkret tədqiqat obyektləri üzərində aparılan elmi araşdırmalardan və əldə olunan nəticələrdən bəhs edib.
Filialın tələbələri Nigar Sadıqova, Şəlalə Mahmudova və Elsun Tahirovun müxtəlif mövzularda məruzələri dinlənilib.