Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 35 santimetr artıb
Bakı, 27 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 100-250, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 80 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 35 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 590 kubmetr olmaqla ongünlük normanın 193 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 175 kubmetr olmaqla ongünlük normanın 57 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 87 kubmetr olmaqla ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici saniyədə 56 kubmetr təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvan və Salyan məntəqələrində 10, Bankədə 3 santimetr azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 (2017-ci il martın 27-də 374 sm), Şirvanda 191 (2017-ci il martın 27-də 253 sm), Salyanda 127 (2017-ci il martın 27-də 200 sm), Bankədə 171 (2017-ci il martın 27-də 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 santimetr (2017-ci il martın 27-də 73 sm) təşkil edir.