CƏMİYYƏT
Kür və Araz çaylarında suyun səviyyəsi artmışdır
Bakı, 1 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi çayların sululuğu ilə apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-220, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 70-250, Naxçıvan Muxtar Respublikası çaylarında isə 55 faizini təşkil etmişdir.
Son 4 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9, Qanıx çayının Əyriçay məntəqəsində isə 8 santimetr artım müşahidə olunmuşdur.
Son 3 gün ərzində Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində artım qeydə alınmışdır.
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 439, Şirvanda 320, Salyanda 302, Bankədə 255, Araz çayının Novruzlu məntəqəsində isə 205 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.