Kürdəmirdə şəhid ailələri ziyarət olunub
Kürdəmir, 18 mart, AZƏRTAC
Novruz bayramı ərəfəsində Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının aparat işçiləri, Gənclər Birliyinin fəal üzvləri və könüllüləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətə gələnlər şəhid ailələrinə bayram sovqatı verib, onlara maddi dəstək göstərib, qayğıları ilə maraqlanıblar. Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb.
Qeyd olunub ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.