La Liqa: “Barselona” iki cavabsız qolla “Leqanes”i məğlub edib
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 16-da futbol üzrə İspaniya La Liqasının 29-cu turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlin hazırkı lideri “Barselona” doğma azarkeşlər qarşısında “Leqanes” komandasını qəbul edib. Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona”nın heyətində Ansu Fati (42) və Lionel Messi (69) fərqləniblər. Görüşün 64-cü dəqiqəsində Antuan Qrizmanın oyundankənar vəziyyətdə vurduğu qolu hakim videonəzarət sisteminə (VAR) baxandan sonra ləğv edib.
Bu qələbədən sonra xallarının sayını 64-ə çatdıran “Barselona” liderliyini davam etdirir. “Leqanes” isə 23 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb. “Barselona”nın çempionluq yolunda əsas rəqibi, bir oyun az keçirən “Real Madrid” isə 59 xalla ikinci yerdə qərarlaşıb. Madrid təmsilçisi iyunun 19-da səfərdə “Valensiya” komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə gecə saat 12-də başalayacaq.
Turun birinci oyun günündə aşağıdakı hesablar qeydə alınıb:
“Real Betis” - “Qranada” - 2:2;
“Xetafe” - “Espanyol” - 0:0;
“Villareal” - “Malyorka” - 1:0.