“La Vanguardia”: Ermənistan COVID-19 nəticəsində öz xəstəxanalarında kollaps yaranmasını etiraf edir
Madrid, 8 iyun, AZƏRTAC
İspaniyanın ən qədim nəşrlərindən olan “La Vanguardia” qəzetində “Ermənistan COVID-19 nəticəsində öz xəstəxanalarında kollaps yaranmasını etiraf edir” sərlövhəli məqalə dərc edilib.
Məqalədə qeyd olunur ki, bu gün Ermənistan öz xəstəxanalarında COVID-19-dan təcili müalicə edilməli bütün pasiyentlərə eyni vaxtda xidmət etməyə imkan olmadığını etiraf edib. Ölkənin baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində etiraf edib ki, bir sutka ərzində 697 nəfərin yoluxması təsdiqlənib. Bu, müəyyən mənada antirekorddur.
AZƏRTAC xəbər verir ki, N.Paşinyanin sözlərinə görə, o özü də hər hansı simptomlar olmadan koronovirusa yoluxub. Baş nazir diqqətə çatdırıb ki, bir gün ərzində Ermənistanda koronovirusdan 15 nəfər ölüb. O deyib: “Ermənistanda yeni tipli koronovirusa yoluxmuş pasiyentlərin 75 faizində xəstəliyin simptomları yoxdur, lakin qalan 25 faizə intensiv terapiya tələb olunub. Qafqazın bu kiçik ölkəsində səhiyyə sistemi dağılmaq həddinə çatıb. Biz ciddi vəziyyətlə üzləşmişik, tibbi xidmətlər hamını vaxtında hospitallaşdırmağa imkan vermir”.
Öz “Facebook” səhifəsində ölkə vətəndaşları tərəfindən sanitar normaların kütləvi şəkildə pozulması barədə videoçarxlar yerləşdirməyə başlamış N.Paşinyan bir daha bütün vətəndaşlara müraciət edərək onların sanitar-epidemioloji qaydalara riayət etməyə çağırıb.
Son rəsmi məlumatlara görə, Ermənistanda 13 mindən çox insana koronovirus diaqnozu qoyulub, 211 nəfər bu xəstəlikdən ölüb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid